۱۳۹۱ تیر ۴, یکشنبه

آذربايجانين و ايرانين عرب ايستيلاسينا قدرکي دؤور تاريخينده آذربايجان تورکلرينين رولو وتورکلرين ايراندا حاکيميتي

ساوالان پورت : آذربايجان جوغرافي باخيمدان ايرانا چوخ ياخين اولان اؤلکه‌دير و تاريخي قايناقلاردا بو آد هم ده جوغرافي آد کيمي ده چکيلير. 
 بس، گؤره‌سن، ايرانين و ايرانپرست قوووه‌لرين آذربايجاني ايرانين بير پارچاسي سايمالاري حاقلي مؤوقئعديرمي؟ همن قرار وئرمه‌يهک. گلين، بير يئرده آراشديراق.

ايبتيداي ايجماع قورولوشونون سونلاريندا ميلاددان اؤنجه اوچ مينيلليکده آرازدان جنوبدا اولان تورپاقلاريميزدا، اورمييا گؤلو اطرافينا آراتتا، لوللوبي، کوتي کيمي دؤولتلر و بورادا ياشايان سو، توروککي، شوبار (سوبير) و ديگر طايفالار مؤوجود اولموشدور. اونلارين هر بيري موستقيل سيياست يئريده بيلن ايبتيداي دؤولتلر ايدي. حتّي کوتي دؤولتي يوز ايل مودتينده بوتون مئسوپوتومييادا، اورمييا گؤلونون قربيندن ايران کؤرفزينه قدر اراضييه حاکيم ده اولموشلار. داها سونرا ايسه ائراميزدان اؤنجه دوققوز عصرده آذربايجانين ايلک دؤولتي اولان ماننا دؤولتي يارانميشدير و بو دؤولت تدريجن بوتون گونئي آذربايجاني احاطه ائتميشدير. ماننادا تورک، هورري، ايران ديللرينين و س. ايشلنديگي سؤيله‌نيلير. 

ماننا ايله باغلي يئر و شخص آدلاري بورادا قديم تورک طايفالارينين ياشاديغيني گؤسترير. حتّي قديم طايفا آدي اولان "توروککي" آدينين دا تورک سؤزونون ايلکين فورماسي اولماسي باره‌ده احتيماللار وار. ماننا دؤورونده ايسه حؤکمدارلارين آدلاري تورکجه اولموشدور. مثلا، ائ.ه. 718-716-جي ايللرده حاکيميتده اولموش آذانين آدي قديم تورکجه‌ده "آجا" سؤزو ايله باغليدير. آجا- بؤيوک قارداش دئمکدير. ديگر ماننا حؤکمداري اولان اوللوسونونون آدي ايسه ان بؤيوک، ان اولو اينسان معناسيني وئرير. دئمه‌لي، مانناليلار و اوندان اول آدلاريني قئيد ائتديگيم طايفا و دؤولتلر تورک منشالي اولموشلار و تورک حؤکمدارلار طرفيندن ايداره اولونموشلار. علمي آراشديرمالار ثوبوت ائدير کي، ايبتيداي ايجماع قورولوشو دؤورونده بئله آذربايجاندا تورکديللي ائتنوسلار اوستون اولموشلار. تورپاقلاريميزدا کوتي، لوللوبي، سو، توروککي، گرگر، ناخچ، کاسپي و باشقا تورک ايتتيفاقلاري مؤوجود اولموشدور. ايران تاريخچيسي محمده‌لي تربيت اعتيراف ائدير کي، ائ.ه. اوچ-بير مينيلليکلرده تورکلر آذربايجاندا اساس يئرلي ساکينلر اولوبلار.
بورادان آيدين اولور کي، تورکلرين اوچ اساس آذربايجانا آخينيندان اول بئله قافقازدا تورکلر ياشاميشلار.

آذربايجانا ايلک تورک آخيني: کيممئر، ايسکيت (سکيف)، ساک آخيني- ائ.ه. يئددي عصر.
ايکينجي تورک آخيني: هونلار. بئش-آلتي عصرلرده گلميش اوغوز تورکلري.
اوچونجو آخين: سلجوق تورکلري. عرب ايستيلاسيندان سونرا دوققوز عصرده.

ايسکيتلر کيممئرلره تضييق ائده‌رک جنوبا حرکت ائتميش، گونئي آذربايجانين اورمييا اطرافينا چاتميشلار. اونلار اورمييانين قربينده و شيماليندا مسکونلاشميشلار. بو گون ده کيممئرلرله باغلي آذربايجاندا توپونيملر وار: قيمير، قيميرلي، کمر، کمرلي.

ساکلار ايسه اورمييانين شيمالينا قدر تورپاقلاردا ياشاميشلار. ميل دوزو و اطرافيندا دا ساکلار ياشاميشلار. ائرکن اورتا عصر قايناقلاريندا بورا بالاساکان آدلانير. بالاساکان سؤزونون قديم تورکجه‌ده معناسي بالا "چؤل-دوز" و ساک سؤزلرينين بيرلشمه‌سيندن يارانيب و "ساک دوزو" معناسينا گلير.

ماننا دؤولتي ميدييا طرفيندن سوقوت ائتديريلدي. ميدييا دؤولتي ايرانين مرکزينه يارانميشدي. هئرودوت "تاريخ" اثرينده ميدييادا 6 قبيله‌نين ياشاديغيني بيلديرير. ماتايلار بورادا اوستونلوک تشکيل ائديرديلر و تورک منشالي ايديلر. تورک ايداره‌سينده اولان ميدييا دؤولتي ائگئي دنيزينه قدر اؤز سرحدلريني گئنيشلنديره بيلميشدي. ميدييانين سونونجو تورکمنشه‌لي حؤکمداري آستياق اولدو. آستياقين ايري زادگانلارين حوقوقلاريني مهدودلاشديرماسي چکيشمه‌لره سبب اولدو. بونونلا دا تورک ميدييا دؤولتينده يئرلشن فارس ويلايتينين حاکيمي ايکي کير بير قروپ فارس زادگانلا آستياقا قارشي موباريزه‌يه قالخدي و حاکيميتي اله کئچيردي، اؤزونو ميدييا شاهي ائلان ائتدي. بئله‌ليکل، ائ.ه. 550-جي ايلده تورپاقلاريميزدا و بوتون ايراندا اهمه‌ني فارس دؤولتي ياراندي کي، بو دا فارسلارين ايران تورپاغينا ايلک حاکيمليگي ايدي. بوندان اولکي ايکي مينيلليکده ايسه بورادا يالنيز تورکلر حاکيم اولموشدولار. فارسلارين تورپاقلاريميزدا ايلک آغاليق دؤورو ماکئدونييالي ايسگندرين يوروشونه قدر داوام ائتدي. 220 ايل تورپاقلاريميز فارس ايداره‌سينده قالدي و نهايت، ائ.ه. 330-جو ايلده اهمه‌ني ايمپئريياسي ايسگندرين يوروشوله داغيلدي.

ايسگندرين ايمپئريياسي جمعي 9 ايل، ائ.ه. 321-جي ايله قدر تورپاقلاريميزدا قالدي. داها سونرا ايسه جنوب تورپاقلاريميزدا آتروپاتئنا دؤولتي ياراندي. بو دؤولتين يارانيشي ايله گونئي آذربايجاندا تورک ايداره‌چيليگي برقرار اولدو. آتروپاتئنا يوز ايله ياخين وارليغيني سوردوردو. بو دؤور آذربايجان توکلرينين اجدادلاري اولان طايفالارين قايناييب-قاريشماسيندا اؤنملي رول اوينادي. بوگونکي آذربايجان سؤزونون ده آتروپاتئنا آديندان يارانديغي بيلديريلير. تاريخ بويونجا بو آد آتورپاتاکان، آدارباداقان، آذربازقان کيمي دييشميش و نهايت، عرب ايستيلاسي دؤورونده آذربايجان اولاراق تام فورمالاشميشدير.

ائ.ه. 226-جي ايلده ايراندا يارانميش داها بير فارس ايمپئريياسي اولان ساسانيلر ايمپئريياسي يارانماسيندان بير ايل سونرا آتروپاتئناني اله کئچيردي. آتروپاتئنا ساسانيلرين شيمال مرزبانليغينا داخيل ايدي و ايمپئرييادا اؤنملي رولا ماليک ايدي. بئله کي، آتروپاتئنانين پايتاختي اولان قازاکا شهري زردوشتلوگون مرکزي ايدي و تاختا يئني چيخان ساساني شاهلاري بوراني پييادا اولاراق زيارت ائديرديلر. ساساني ايمپئريياسي اوزون مودت ياشادي و ائراميزين يئددي عصرينده عربلر طرفيندن سوقوت ائتديريلدي.

عربلرين دؤورونده ايسه وئرگيلرين نيزاعما سالينماسي اوچون سرحدلر دقيقلشديريلدي. آذربايجانين شيمال سرحدي دربند، جنوب سرحدي همدان شهري موعين اولوندو. وئرگيلرين داها سونرا دفعه لرله آرتيريلماسي اهالينين نارازيليغينا سبب اولدو و آذربايجاندا تاريخين ان مؤحتشم حرکاتلاريندان بيري اولان خوررميلر حرکاتي باشلادي. حرکاتين اساس رهبري آذربايجان تورکو اولان بابک ايدي. حتّي عربلر اونو اعدام ائتديگي زامان اونون اوچ دفعه"آذربايجان" دئيه‌رک اؤلدويو ده بيلديريلير.

آيديندير کي، قديم طايفالارين ائتنيک کيمليگيني و منسوبيتيني ثوبوت ائدن اساس عاميل اونون ديليدير. آذربايجان خالقي اساسن يئرلي ساکينلر اولان تورکديللي ائتنوسلارين بورايا سونرادان کؤچ ائتميش تورکديللي ائتنوسلارلا قاريشماسيندان عمله گليب. قديم و اورتا دؤور تاريخي قايناقلاريندا ايران تورپاقلاريندا آذربايجانليلارا مخصوص دؤولتلرين حاکيميتي تصديقله‌نير. دئمه‌لي، آذربايجان هميشه آيري بير دؤولت و يا بؤلگه کيمي مؤوجود اولموش و بعضاً بوتون ايرانا دا صاحيب اولموشدور. آما، اساسن، آذربايجان دؤولتلري آيريجا اولاراق ائله اؤز تورپاقلاريميزدا قورولموشدور و ايراندان آيري ياشاميشدير. 

عرب ايستيلاسيندان سونرا ايسه ايران و آذربايجان ايکي دفعهبير دؤولت ترکيبينده اولموشلار: سلجوقلار و صفوي ايمپئرييالاري دؤورونده. معلومدور کي، بو دؤولتلرين هر ايکيسي ده تورک دؤولتي اولموش، تورکلر طرفيندن ايداره اولونموشدور. حتّي صفوي ايمپئريياسينين قوروجوسو شاه ايسماييل ختايي تورک ديليني رسمي دؤولت ديلي ائلان ائتميش و اؤزو ده بو ديلده اثرلر ياراتميشدير. دئمه‌لي، ايران چوخ واخت تورکلر طرفيندن ايداره اولونموش بير جوغرافي بؤلگه‌دير و هئچ واخت آذربايجاني ترکيبينه آلماييب، عکسينه آذربايجان تورکلرينين ياراتديغي دؤولتلر ايراني اؤز حاکيميتينده ساخلاييب و اونا مدنيت قازانديريبدير.

یازار: حسن تورک ايسگندر

AZƏRBAYCANIN VƏ İRANIN ƏRƏB İSTİLASINA QƏDƏRKİ DÖVR TARİXİNDƏ AZƏRBAYCAN TÜRKLƏRİNİN ROLU VƏ TÜRKLƏRİN İRANDA HAKİMİYYƏTİ

Savalan Port :
Azərbaycan coğrafi baxımdan İrana çox yaxın olan ölkədir və tarixi qaynaqlarda bu ad həm də coğrafi ad kimi də çəkilir. Bəs, görəsən, İranın və iranpərəst qüvvələrin Azərbaycanı İranın bir parçası saymaları haqlı mövqedirmi? Həmən qərar verməyək. Gəlin, bir yerdə araşdıraq.
İbtidai icma quruluşunun sonlarında miladdan öncə III minillikdə Arazdan cənubda olan torpaqlarımızda, Urmiya gölü ətrafına Aratta, Lullubi, Kuti kimi dövlətlər və burada yaşayan Su, Turukki, Şubar (Subir) və digər tayfalar mövcud olmuşdur. Onların hər biri müstəqil siyasət yeridə bilən ibtidai dövlətlər idi. Hətta Kuti dövləti yüz il müddətində bütün Mesopotomiyada, Urmiya gölünün qərbindən İran körfəzinə qədər əraziyə hakim də olmuşlar. Daha sonra isə eramızdan öncə IX əsrdə Azərbaycanın ilk dövləti olan Manna dövləti yaranmışdır və bu dövlət tədricən bütün Güney Azərbaycanı əhatə etmişdir. Mannada türk, hürri, İran dillərinin və s. işləndiyi söylənilir. Manna ilə bağlı yer və şəxs adları burada qədim türk tayfalarının yaşadığını göstərir. Hətta qədim tayfa adı olan “TURUKKİ” adının da türk sözünün ilkin forması olması barədə ehtimallar var. Manna dövründə isə hökmdarların adları türkcə olmuşdur. Məsələn, e.ə. 718-716-cı illərdə hakimiyyətdə olmuş Azanın adı qədim türkcədə “aca” sözü ilə bağlıdır. Aca- böyük qardaş deməkdir. Digər Manna hökmdarı olan Ullusununun adı isə ən böyük, ən ulu insan mənasını verir. Deməli, Mannalılar və ondan əvvəl adlarını qeyd etdiyim tayfa və dövlətlər türk mənşəli olmuşlar və türk hökmdarlar tərəfindən idarə olunmuşlar. Elmi araşdırmalar sübut edir ki, ibtidai icma quruluşu dövründə belə Azərbaycanda türkdilli etnoslar üstün olmuşlar. Torpaqlarımızda kuti, lullubi, su, turukki, gərgər, naxç, kaspi və başqa türk ittifaqları mövcud olmuşdur. İran tarixçisi Məmmədəli Tərbiyyət etiraf edir ki, e.ə. III-I minilliklərdə türklər Azərbaycanda əsas yerli sakinlər olublar.
Buradan aydın olur ki, türklərin üç əsas Azərbaycana axınından əvvəl belə Qafqazda türklər yaşamışlar.
Azərbaycana ilk türk axını: KİMMER, İSKİT (SKİF), SAK AXINI- e.ə. VII əsr.
İkinci türk axını: HUNLAR. V-VI əsrlərdə gəlmiş Oğuz türkləri.
Üçüncü axın: Səlcuq türkləri. Ərəb istilasından sonra IX əsrdə.
İskitlər kimmerlərə təzyiq edərək cənuba hərəkət etmiş, Güney Azərbaycanın Urmiya ətrafına çatmışlar. Onlar Urmiyanın qərbində və şimalında məskunlaşmışlar. Bu gün də kimmerlərlə bağlı Azərbaycanda toponimlər var: Qımır, Qımırlı, Kəmər, Kəmərli.
Saklar isə Urmiyanın şimalına qədər torpaqlarda yaşamışlar. Mil düzü və ətrafında da saklar yaşamışlar. Erkən orta əsr qaynaqlarında bura Balasakan adlanır. Balasakan sözünün qədim türkcədə mənası bala “çöl-düz” və sak sözlərinin birləşməsindən yaranıb və “Sak düzü” mənasına gəlir.
Manna dövləti Midiya tərəfindən süqut etdirildi. Midiya dövləti İranın mərkəzinə yaranmışdı. Herodot “Tarix” əsərində Midiyada 6 qəbilənin yaşadığını bildirir. Mataylar burada üstünlük təşkil edirdilər və türk mənşəli idilər. Türk idarəsində olan Midiya dövləti Egey dənizinə qədər öz sərhədlərini genişləndirə bilmişdi. Midiyanın sonuncu türkmənşəli hökmdarı Astiaq oldu. Astiaqın iri zadəganların hüquqlarını məhdudlaşdırması çəkişmələrə səbəb oldu. Bununla da türk Midiya dövlətində yerləşən fars vilayətinin hakimi II Kir bir qrup fars zadəganla Astiaqa qarşı mübarizəyə qalxdı və hakimiyyəti ələ keçirdi, özünü Midiya şahı elan etdi. Beləliklə, e.ə. 550-ci ildə torpaqlarımızda və bütün İranda Əhəməni fars dövləti yarandı ki, bu da farsların İran torpağına ilk hakimliyi idi. Bundan əvvəlki iki minillikdə isə burada yalnız türklər hakim olmuşdular. Farsların torpaqlarımızda ilk ağalıq dövrü Makedoniyalı İsgəndərin yürüşünə qədər davam etdi. 220 il torpaqlarımız fars idarəsində qaldı və nəhayət, e.ə. 330-cu ildə Əhəməni İmperiyası İsgəndərin yürüşülə dağıldı.
İsgəndərin imperiyası cəmi 9 il, e.ə. 321-ci ilə qədər torpaqlarımızda qaldı. Daha sonra isə cənub torpaqlarımızda Atropatena dövləti yarandı. Bu dövlətin yaranışı ilə Güney Azərbaycanda türk idarəçiliyi bərqərar oldu. Atropatena yüz ilə yaxın varlığını sürdürdü. Bu dövr Azərbaycan tüklərinin əcdadları olan tayfaların qaynayıb-qarışmasında önəmli rol oynadı. Bugünki Azərbaycan sözünün də Atropatena adından yarandığı bildirilir. Tarix boyunca bu ad Aturpatakan, Adarbadaqan, Azərbazqan kimi dəyişmiş və nəhayət, Ərəb istilası dövründə Azərbaycan olaraq tam formalaşmışdır.
E.ə. 226-ci ildə İranda yaranmış daha bir fars imperiyası olan Sasanilər İmperiyası yaranmasından bir il sonra Atropatenanı ələ keçirdi. Atropatena Sasanilərin şimal mərzbanlığına daxil idi və imperiyada önəmli rola malik idi. Belə ki, Atropatenanın paytaxtı olan Qazaka şəhəri zərdüştlüyün mərkəzi idi və taxta yeni çıxan Sasani şahları buranı piyada olaraq ziyarət edirdilər. Sasani İmperiyası uzun müddət yaşadı və eramızın VII əsrində ərəblər tərəfindən süqut etdirildi.
Ərəblərin dövründə isə vergilərin nizama salınması üçün sərhədlər dəqiqləşdirildi. Azərbaycanın şimal sərhədi Dərbənd, cənub sərhədi Həmədan şəhəri müəyyən olundu. Vergilərin daha sonra dəfələrlə artırılması əhalinin narazılığına səbəb oldu və Azərbaycanda tarixin ən möhtəşəm hərəkatlarından biri olan Xürrəmilər hərəkatı başladı. Hərəkatın əsas rəhbəri Azərbaycan türkü olan Babək idi. Hətta ərəblər onu edam etdiyi zaman onun üç dəfə “Azərbaycan” deyərək öldüyü də bildirilir.

Aydındır ki, qədim tayfaların etnik kimliyini və mənsubiyyətini sübut edən əsas amil onun dilidir. Azərbaycan xalqı əsasən yerli sakinlər olan türkdilli etnosların buraya sonradan köç etmiş türkdilli etnoslarla qarışmasından əmələ gəlib. Qədim və Orta dövr tarixi qaynaqlarında İran torpaqlarında Azərbaycanlılara məxsus dövlətlərin hakimiyyəti təsdiqlənir. Deməli, Azərbaycan həmişə ayrı bir dövlət və ya bölgə kimi mövcud olmuş və bəzən bütün İrana da sahib olmuşdur. Amma, əsasən, Azərbaycan dövlətləri ayrıca olaraq elə öz torpaqlarımızda qurulmuşdur və İrandan ayrı yaşamışdır. Ərəb istilasından sonra isə İran və Azərbaycan iki dəfə bir dövlət tərkibində olmuşlar: Səlcuqlar və Səfəvi İmperiyaları dövründə. Məlumdur ki, bu dövlətlərin hər ikisi də türk dövləti olmuş, türklər tərəfindən idarə olunmuşdur. Hətta Səfəvi İmperiyasının qurucusu Şah İsmayıl Xətayi türk dilini rəsmi dövlət dili elan etmiş və özü də bu dildə əsərlər yaratmışdır. Deməli, İran çox vaxt türklər tərəfindən idarə olunmuş bir coğrafi bölgədir və heç vaxt Azərbaycanı tərkibinə almayıb, əksinə Azərbaycan türklərinin yaratdığı dövlətlər İranı öz hakimiyyətində saxlayıb və ona mədəniyyət qazandırıbdır.
Yazar : Həsən Türk İsgəndər

هیچ نظری موجود نیست:

ارسال یک نظر